"Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində vəziyyət gərginləşib. Cəbhə xəttində yaşanan olaylar hamımızı narahat edir. Şəhidlərimiz var. Allah rəhmət eləsin, doğmalarına, yaxınlarına başsağlığı diləyirik. Görünən odur ki, düşmən tərəfi Azərbaycanı ciddi cəhdlə təxribatlara çəkməyə çalışır". Bunu hafta.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O, jurnalistlərə müraciət edərək onları diqqətli olmağa çağırıb: “Biz informasiya axınını da görürük. Döyüşlərin intensivləşdiyi yerlərdən “canlı bağlantılar” edənlər, şişirtmələrə yol verənlər var. Cəbhədə atəşkəsin pozulduğunun müşahidə edildiyi əvvəlki illərdə də belə hallar yaşanıb.Unutmayaq ki, bu sayaq durumlarda ən böyük peşəkarlıq soyuqqanlı yanaşma nümayiş etdirməkdir. Rəsmi məlumatlara istinad, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaq şərtdir. Onu da unutmayaq ki, hətta Ordumuzun uğur qazandığını iddia edən bəzi paylaşımlar da təxribat məqsədi daşıya bilər. Buna görə həssas davranılmalı, tələskənliyə yol verilməməlidir. Xüsusən erməni mənbələri ilə işləyərkən diqqətli olmaq lazımdır”.
Şura sədri şəhid xəbərləri gəldikcə bəzi sosial səbəkə istifadəçilərinin karantin rejimi olmasına baxmayaraq müxtəlif şuarlarla insanların küçələrə səslənməsinə də münasibət bildirib. O, vurğulayıb ki, istənilən hərəkət, aksiya onu idarə edən şəxsin, yaxud şəxslərin məsələyə nə dərəcədə ciddi, düşünülmüş yanaşmasından asılı olaraq dəyər qazanır, qəbul edilir: “Orada səslənən şüarlar da həmçinin. Dünən Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu hissəsində atəşkəsin pozulması, bu xüsusda gərginliyin yaranması ilə əlaqədar Bakıda – Qaradağ rayonu ərazisində keçirilmiş və müxtəlif sosial şəbəkə profillərində də yayımlanmış aksiya barədə eyni sözləri söyləyə bilmərik. Bir neçə paylaşımı canlı şəkildə izləmək imkanım oldu. Açığını deyim, aksiyanın məqsədini cəbhə ilə həmrəylik kimi qiymətləndirə bilmədim. Bəzi jarqonların işlədilməsi, ziddiyyətli fikirlərin seçilməsi və digər vulqar ifadələri tam yolverilməz hesab etdim. Bu baxımdan bir canlı yayım xüsusən diqqətimi çəkdi. Ona baxanda məndə belə təsəvvür formalaşdı ki, ermənilər Tovuzdan hücum edib ərazimizi tutmaq istəyirlər, burdan da kimlərsə “Azadlıq” meydanını ələ keçirməkdə israrlıdırlar.Digər tərəfdən, hər bir aksiya, çağırış cəmiyyətə nəsə verməlidir. İnsanlar motivi aydın görməlidirlər. Motiv mübahisəsiz olmalıdır. Yəni Qarabağ üçün həmrəy olmaq istəyiriksə, bunu sivil formada etməliyik. Ən əsası səsimizi qanunlarımıza riayət edərək çatdırmalıyıq. Hər hansı aksiya kənardan ictimai asayişi poza bilmə, kontrolsuzluq, idarəolunmazlıq ab-havası yaratmamalıdır. Təəssüf ki, bunu görmədik”.